REGİONLAR
Ağcabədi rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc mükafatlandırılıb
Ağcabədi, 2 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə Qarabağ Muğam Mərkəzində “Gəncliyin səsi” adlı tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Muğam Mərkəzinin foyesində təşkil edilmiş gənc rəssam Şəbnəm İbadovanın fərdi sərgisi ilə tanış olublar. Tədbir “N” saylı hərbi hissənin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, təşkilatın sədr müavini Teymur Rəhimov, “N” saylı hərbi hissənin əsgəri Mirhadi Səmədzadə, rayon icra hakimiyyətinin baş məsləhətçisi Vüsalə Məmmədova və başqaları gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan söz açıblar.
Çıxışlarda bildirilib ki, ulu öndər Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev gənclərə daim diqqət göstərib, onların inkişafı, fəal, bilikli, vətənpərvər bir vətəndaş kimi formalaşması üçün lazım olan münbit şəraitin yaradılmasına önəm veriblər.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanları təqdim olunub.
Tədbir Qarabağ Muğam Mərkəzinin və “N” saylı hərbi hissənin əsgərlərinin ifasında bədii hissə ilə davam edib.