REGİONLAR
Ağcabədidə 9 min hektardan artıq sahədə pambıq becəriləcək
Ağcabədi, 4 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Ağcabədidə müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, çiyid səpininə hazırlıqla əlaqədar görüləcək işlərdən danışıb. Məlumat verilib ki, rayonda ötən il 3661 hektar sahədə pambıq becərilib, 8852 ton məhsul tədarük edilib. Cari ilin məhsulu üçün isə artıq 9012 hektar sahədə çiyid səpilməsi üçün müqavilələr bağlanılıb. Fermerlər pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC, “CTS Aqro” MMC və “Ağcabədi Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərəcəklər. Yaxın günlərdə rayon ərazisində çiyid səpininə başlanılacaq.
Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev müşavirədə çıxış edib, ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən pambıqçılığın inkişaf ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.