REGİONLAR
Ağcabədidə Dövlət Bayrağı Günü münasibətilə avtoyürüş keçirilib VİDEO
Dövlət Bayrağı Günü Ağcabədi rayonunda da təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram tədbiri Ağcabədi şəhərinin mərkəzi meydanından Bayraq Meydanınadək keçirilən avtoyürüşlə başlayıb. Yürüş iştirakçıları şəhərin prospekt və küçələrində sakinlər tərəfindən coşqu ilə qarşılanıb.
Dövlət Bayrağı meydanında rayon məktəbliləri arasında təşkil olunan rəsm müsabiqəsi və şahmat yarışının qalibləri mükafatlandırılıb.
Rayon ictimaiyyətinin, gənclərin, əmək kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə ağcabədililəri təbrik ediblər. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıblar.
Çıxışlarda 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılmasından, Ginnes dünya rekordları təşkilatının Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsindən iftixarla bəhs edilib. Bildirilib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədidə də bayraq meydanı inşa edilib. Üçrəngli bayrağımız Ağcabədidə 65 metr hündürlükdə dalğalanır.
Tədbirdə məktəblilər Azərbaycan bayrağına həsr olunan şeirlər söyləyib, rəqs ediblər.
Bayram tədbiri mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.