REGİONLAR
Ağcabədidə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
Ağcabədi, 31 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi şəhərindəki Bayraq Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının, Ağcabədi Pedaqoji kollecinin müəllim və tələbələri, Yeni Azərbaycan Partiyası fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bayraq Muzeyinin foyesində Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto, rəsm və kitablardan ibarət sərgi ilə tanış olublar.
Konfrans Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, milli özünüdərk və azərbaycançılıq məfkurəsinin formalaşmasında dahi lider Heydər Əliyevin əvəzsiz xidmətindən bəhs edib. Məruzə ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktor müavini Mahir Səlimov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı mühüm roldan, onun yorulmaz siyasi fəaliyyətindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müasir, güclü Azərbaycanın qurulmasında, inkişaf etməsində misilsiz
xidmətləri qədirbilən Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətlədirilib və Vətənini sevən hər kəsin yaddaşına ömürlük həkk olunub.
Məruzə ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının kafedra müdiri Vaqif Allahverdiyev, şəhər 5 saylı tam orta məktəbinin direktoru Fəridə Allahverdiyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov çıxış edərək Heydər Əliyev ideyalarının, uzaqgörən siyasətinin uğurlu bəhrəsi olaraq Azərbaycanın Avropa, eləcə də dünya arenasındakı hazırkı yüksək nüfuzundan və söz sahibi olmasından, dahi rəhbərin hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar.