CƏMİYYƏT
Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçiriləcək
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 24-də Ağcabədi, Tərtər, Ağdam və Laçın rayonlarının sakinlərini qəbul edəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul YAP Ağcabədi rayon təşkilatının inzibati binasında (Ağcabədi şəhəri, H.Əliyev pr, 213A) saat 11:00-da keçiriləcək.
Aprelin 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçiriləcək. Konfrans Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində (Ağcabədi rayonu, H.Əliyev prospekti, 63) saat 12:00-da başlayacaq.
Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak edəcəklər.
Konfransda ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılacaq.