REGİONLAR
Ağcabədidə Türkiyədən gətirilən pambıq sortları becəriləcək
Ağcabədi, 12 aprel, AZƏRTAC
Ağcabədidə keçirilən seminar-müşavirədə 2019-cu təsərrüfat ilində əkiləcək Türkiyənin “Bəyaz altun-440”, “Karizma” və “ADN-123” pambıq sortlarının üstünlüklərindən danışılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Azərpambıq ASK" MMC-nin təşəbbüsü ilə təşkil olunan müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Türkiyənin “Progen” və "Set Tohum" şirkətlərinin nümayəndələri, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Tərtər və Goranboy rayonundan olan pambıqçılar iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyev və "Azərpambıq ASK" MMC-nin direktor müavini Fəzli Məmmədov çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan, əldə olunan uğurlardan, məhsuldarlığın artırılması yollarından danışıblar. Bildirilib ki, pambıqçılıqda məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yüksək reproduksiyalı, yerli şəraitə uyğun məhsuldar toxumlardan istifadə edilməsidir. Yüksək məhsuldarlıq keyfiyyətli toxumdan başlayır.
Diqqətə çatdırılıb ki, “Azərpambıq” MMC bu il Ağcabədidə 4000 hektarda Türkiyənin “Progen” şirkətinin “Bəyaz altun 440”, “Karizma” və "Set Tohum" toxumçuluq şirkətinə məxsus “ADN-123” pambıq sortlarını becərəcək. Bu sortlar Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğundur.
Seminar-müşavirədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.