REGİONLAR


Ağcabədidə aztəminatlı ailələr üçün meyvə bağları salınıb VİDEO

Ağcabədi, 17 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Aprelin 17-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə Ağcabədidə aztəminatlı ailələr üçün nar bağları salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib, respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür bağların salınması ekoloji tarazlığın qorunmasına, əhalinin rifahının yaxşılaşdırılmasına, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına töhfə verəcək.

Sonra ağacəkmə aksiyasına start verilib. Könüllü gənclərin iştirak etdiyi aksiya zamanı 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları Ağcabədi rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlili arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

Aztəminatlı ailələrin üzvləri Tanrıverdi İsmayılov, Anar Həsənov, Cahandar Allahverdiyev və Qarabağ müharibəsi əlili Məmməd Hüseynov bu xeyriyyə aksiyası zamanı hər biri üçün 0,5 hektar bağ sahəsində 250 ədəd nar ağacının əkildiyini bildirib, onların dolanışıq şəraitinin yaxşılaşmasına kömək məqsədilə həyata keçirilən bu təşəbbüsə görə Leyla xanım Əliyevaya minnətdarlıq ediblər.

Ağacəkmə aksiyasından sonra Ağcabədi şəhər İncəsənət Məktəbinin şagirdlərinin ifasında rəqslər və musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan və Sabirabad rayonlarında fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə, 13 minə yaxın meyvə ağacı əkilib və 38 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib. Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları aprelin 18-də Bərdə rayonunda, oktyabr-noyabr aylarında isə İmişli, Qazax, Qəbələ, Göygöl, Lerik və Quba rayonlarında, gələcəkdə isə ölkənin digər regionlarında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.