REGİONLAR
Ağcabədidə fəal gənclər mükafatlandırılıb
Ağcabədi, 1 fevral, AZƏRTAC
Ağcabədi rayonunda əhalinin 40 min 978 nəfərini 14-29 yaşlı gənclər təşkil edir. Ağcabədili gənclər rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edir, Vətənimizin çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvə ilə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ağcabədi şəhərində 2 Fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə çiçək dəstələri qoyublar.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev tədbirdə çıxış edərək, gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, rayon idmançıları 2016-cı ildə dünya və Avropa çempionatlarında, kuboklarda, beynəlxalq, respublika və zona yarışlarında 284 ədəd medal və diploma layiq görülüblər. Bunların 135-i birinci, 77-si ikinci, 71-i isə üçüncü yerdir.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və digər çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıblar.
Sonra rayonun ictimai həyatında, təhsildə və idmanda fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim edilib.
Tədbir əyləncəli konsert proqramı ilə başa çatıb.