REGİONLAR
Ağcabədidə inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ağcabədi, 8 dekabr, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan onlayn inşa-yazı müsabiqəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar olunmasıdır.
Dekabrın 3-dən 6-dək davam edən müsabiqədə inşa-yazılar əvvəlcədən elan olunmuş qaydada email vasitəsilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinə göndərilib. 36 gəncin iştirak etdiyi müsabiqədə Minəxorlu kənd tam orta məktəbin şagirdi Günel Şükürova birinci, Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Sərvinaz Hüseynova ikinci, Poladlı kənd tam orta məktəbin şagirdi Natəvan Rəhimli üçüncü yerə layiq görülüb. Qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlar təqdim edilib.