REGİONLAR
Ağcabədidə kənd təsərrüfatı məhsulları istehsalı 19,4 faiz artıb
Ağcabədi, 28 aprel, AZƏRTAC
Ağcabədi rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artım dinamikası əvvəlki illərdə olduğu kimi, 2017-ci ilin birinci rübündə də davam edib.
Ağcabədi Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, birinci rübdə rayonda 24.245,3 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz çoxdur. İstehsal olunan məhsulun 63,1 min manatı bitkiçiliyin, 24.182,2 min manatı isə heyvandarlığın payına düşür.
Birinci rübdə rayonda 85 min 852 baş qaramal, 329 min 500 baş qoyun və keçi olub. 2016-cı ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qaranın baş sayı 0,1 faiz, o cümlədən inək və camışların baş sayı 2,7 faiz, qoyun və keçilərin baş sayı 0,2 faiz artıb. İribuynuzlu mal-qaranın, o cümlədən inək və camışların 96,1 faizi, qoyun və keçilərin 98,5 faizi əhali təsərrüfatlarındadır.
İlin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 2827 ton ət, 32 min 738 ton süd, 3063 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4,7 faiz, süd istehsalı 8,4 faiz, yumurta istehsalı 0,2 faiz artıb.