REGİONLAR


Ağcabədidə növbəti suvarma mövsümünə hazırlıq görülür

Bakı, 17 yanvar, AZƏRTAC

Ağcabədi rayonunda növbəti suvarma mövsümünə hazırlıq görülür.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Ağcabədi Suvarma Sistemləri İdarəsi Ağcabədi rayonunda 63 min hektar suvarılan torpaq sahəsinə xidmət edir. Ötən il Ağcabədi rayonunun müxtəlif ərazilərində əkilən kənd təsərrüfatı bitkiləri öz axını və nasos stansiyaları vasitəsi ilə suvarılıb. Bu il də növbəti suvarma mövsümünə hazırlıq məqsədilə Ağcabədi Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejiminə keçib. İdarənin balansında olan 52 ədəd nasos stansiyasının hər birinə baxış keçirilib və nasaz nasos aqreqatları təmir olunaraq yenidən istifadəyə verilib. Bundan başqa, əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəyən subartezian quyuları da işlək vəziyyətdə saxlanılır.

Ağcabədi rayonunda əkin aparılacaq olan sahələrin hər birinə suvarma suyunun itkisiz çatdırılması üçün ötən il torpaq məcralı kanallarda lildən təmizləmə işləri görülüb və bu işlər 2022-ci ildə də davam etdirilir. O cümlədən idarənin balansında olan kollektor drenaj şəbəkələrində də bu proses paralel olaraq aparılır. Drenaj şəbəkələrinin lildən təmizlənməsi isə uzun müddət əkin aparılmayan torpaqların münbitləşməsinə gətirib çıxarır. Qeyd edək ki, Ağcabədi Suvarma Sistemləri İdarəsinin balansında 2261 kilometr suvarma kanalları, 1365 kilometr isə kollektor drenaj şəbəkəsi var.

Rayonda əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, Araz çayının qolu olan Xan qızı kanalı və subartezian quyularıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.