REGİONLAR
Ağcabədidə sağlamlıq imkanı məhdud şəxslər üçün bayram süfrəsi açılıb
Ağcabədi, 3 dekabr, AZƏRTAC
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətlə Ağcabədi rayonunda ümumrayon tədbiri keçirilib, sağlamlıq imkanı məhdud şəxslər üçün bayram süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər əlilləri bayram münasibətilə təbrik edib, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əlilliyi olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışıblar. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əlillərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbələri tərəfindən 160 əlilə maddi yardım edilib.
Bayram tədbiri rayon mədəniyyət evinin musiqi kollektivinin hazırladığı bədii-musiqili proqramla davam edib.