REGİONLAR


Ağcabədidə subartezian quyuları vasitəsilə 27 min hektar sahə suvarılır VİDEO

Bakı, 16 noyabr, AZƏRTAC

Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin olunması istiqamətində son illər xeyli iş görülüb. Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən subartezian quyularının təmiri və bərpası daim ön planda saxlanılır. Rayonda 27 min hektara yaxın əkin sahəsinin suvarılmasını təmin edən 1026 ədəd subartezian quyusuna hər il baxış keçirilir, nasazlıqlar aşkar olunduqda aradan qaldırılır.

Bu barədə AZƏRTAC-a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, ötən əsrin 70-ci illərində istifadəyə verilən və uzun müddət istismar olunaraq batan 111 ədəd subartezian quyusunun 35 ədədi son illər bərpa olunub. 2024-cü ilə qədər bütün quyular bərpa olunaraq su istifadəçilərinin istifadəsinə veriləcək. Hazırda həmin quyulardan birində bərpa işləri aparılır.

Quyuların bərpası, o cümlədən yeni subartezian quyularının qazılaraq sakinlərin və fermerlərin istifadəsinə verilməsi əkin aparılan torpaqlardan bol məhsul götürülməsinə səbəb olur. Fermerlər subartezian quyuları hesabına sahələrini asanlıqla suvara bildiklərini qeyd edirlər.

Ağcabədi Suvarma Sistemləri İdarəsinin balansında olan subartezian quyuları vasitəsilə 2021-ci ildə 3000 hektar pambıq sahəsi 5 dəfə, 6200 hektar taxıl sahəsi 4 dəfə, 14000 hektar yonca sahəsi 6 dəfə, 3455 hektar digər kənd təsərrüfatı bitkiləri 4-4,5 dəfə suvarma suyu ilə təmin olunub. 2022-ci ilin 9 ayında 4450 hektar pambıq sahəsi 3,5 dəfə, 6960 hektar taxıl sahəsi 4 dəfə, 11170 hektar yonca sahəsi 4,5 dəfə, 4130 hektar digər kənd təsərrüfatı bitkiləri 3-3,5 dəfə suvarılıb. Suvarılmanın mütəşəkkil aparılması üçün növbəti illərdə də yeni subartezian quyularının qazılması nəzərdə tutulur.

Qeyd edək ki, Ağcabədi rayonunda hər il pambıq, taxıl, yonca və digər kənd təsərrüfatı bitkiləri əkilir və suvarılması tam olaraq həyata keçirilir. Suvarılan sahələrdən isə yığım vaxtı bol məhsul əldə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.