REGİONLAR
Ağcabədidə vaksinasiyanın vacibliyi və əhəmiyyəti barədə maarifləndirmə işləri aparılır
Ağcabədi, 23 fevral, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllü gəncləri tərəfindən vətəndaşlar arasında COVID-19 əleyhinə peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirmə işləri aparılır.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sakinlərlə söhbət zamanı vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında tətbiq edildiyi sakinlərin diqqətinə çatdırılır. Həmçinin insanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan “COVID-19 vaksin randevu” adlı elektron xidmətdən istifadə edərək, randevu.its.gov.az saytından qeydiyyatdan keçmə qaydaları, peyvənd olunmaq üçün onlayn qaydada növbənin necə götürülməsi haqqında məlumatlar verilir.
Xatırladaq ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq birinci mərhələdə yaşı 65 və ondan yuxarı, ikinci mərhələdə isə 50-65 yaş arası insanların vaksinasiyası nəzərdə tutulub və bu proses hazırda davam etməkdədir.