REGİONLAR
Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib
Ağcabədi, 6 iyul, AZƏRTAC
“İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi “Günərzi Qayğı Mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Ramazan bayramı münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Bildirilib ki, mərkəz uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə yaradılıb. “Günərzi Qayğı Mərkəzi” 3-12 yaş arası uşaqların yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla təlim-tərbiyə prosesi təşkil edir, risk qrupuna aid olan uşaqların inkişafı və tərbiyəsi ilə məşğul olur. Uşaqlar psixoloji testlər və məsləhət saatlarında, musiqi dərsləri, idman yarışları və əyləncəli oyunlarda həvəslə iştirak edirlər.
Bayram tədbirində “Günərzi Qayğı Mərkəzi”nin uşaqları şeirlər söyləyib, səhnəcik və rəqslər ifa ediblər. Balacaların hazırladığı bir-birindən maraqlı rəsm və əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbir Ağcabədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin balacalar üçün təşkil etdiyi bayram süfrəsi ilə davam etdirilib.