REGİONLAR


Ağcabədidə yeni subartezian quyuları istifadəyə verilib

Ağcabədi, 31 oktyabr, AZƏRTAC 

Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 31-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ağcabədi rayonunda qazılmış 19 ədəd subartezian quyusu istifadəyə verilib. Bu münasibətlə rayonun Şərəfxanlı kəndində keçirilən tədbirdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və rayon icra hakimiyyətinin nümayəndələri, aidiyyəti idarə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov və rayon rəhbərliyi tədbirdə çıxış edərək əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, Azərbaycanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə Ağcabədi rayonunda 2005-1018-ci ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 200 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Bu gün isə rayonunun Hindarx, Poladlı, Taynaq, Sarıcalı, Şərəfxanlı, Bala Kəhrizli, Muğanlı, Hüsülü, Göyük, Minaxorlu, Yuxarı Qiyaməddinli, Şahsevən qəsəbə və kəndlərində, həmçinin Lənbəran qışlağı ərazisində Atçılıq Təsərrüfatının sahəsində ümumilikdə 19 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilir. Bu subartezian quyuları vasitəsilə 570 hektar əkin sahəsi suvarılacaq.

Tədbirdə çıxış edən kənd sakinləri suvarma suyuna olan tələbatlarının ödənilməsinə, əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.