ELM VƏ TƏHSİL
Ağcabədidə yeni təhsil binaları inşa edilir
Ağcabədi, 6 may (AZƏRTAC). Ağcabədi rayonunda təhsil müəssisələrinin maddi-texniki tədris bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir olunması diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, son 8 ildə rayonda 8180 yerlik 29 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6, Dövlət Proqramı çərçivəsində 13, qeyri-hökumət təşkilatlarının xətti ilə 10 yeni məktəb binası istifadəyə verilmişdir. Taynaq kənd tam orta məktəbində 4, Muğanlı kənd tam orta məktəbində 3 əlavə sinif otağı və Qaravəlli kənd tam orta məktəbində 12 sinif otağından ibarət yeni korpus tikilmiş, şəhərdəki 1, 9, 11, 12 nömrəli, Pərioğullar, Avşar kənd 2 nömrəli tam orta, Hindarx qəsəbə 3 nömrəli və Aşağı Avşar kənd ümumi orta məktəbləri əsaslı təmir edilmişdir.
Şəhər 3 nömrəli məktəb-liseyi üçün 960, Qaraxanlı və Şərəfxanlı kənd tam orta məktəblərinin hər biri üçün 180, Aran kənd 2 nömrəli ümumi orta məktəbi üçün 80 yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Cari ilin birinci rübündə 220 yerlik Aran kənd 1 nömrəli tam orta, 80 yerlik Aşağı Mehrablı kənd 2 nömrəli ümumi orta, 80 yerlik Ağabəyli kənd ümumi orta məktəbləri üçün yeni binaların tikintisinə başlanmışdır.