REGİONLAR
Ağcabədili fermer: Pambığı son qozasına kimi yığıb təhvil verəcəyik VİDEO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Ağcabədi, 26 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən biri də pambıqçılıqdır. Ona həmişə "ağ qızıl" demişik. Bu sahəni inkişaf etdirməli, daha çox əkib becərməliyik. Bu, məşğulluğun artmasına, kənd sakinlərinin rifah halının yaxşılaşmasına təsir göstərən amildir.
Bu sözləri AZƏRTAC -a müsahibəsində Ağcabədi rayon sakini, pambıqçı Möhübbət Zeynalov deyib.
Fermer kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində bol məhsul yetişdirdiyini bildirib: "Aqrolizinq” bizi həmişə texnika ilə təmin edib. Lazım olan mineral gübrəni də güzəştli şərtlərlə almışıq. Becərmə işlərində, mexaniki işlərdə vaxtı-vaxtında köməklik olunub. Odur ki, tarlalarda məhsulumuz çoxdur. Pambığı son qozasına kimi yığıb təhvil verəcəyik".
Qeyd edək ki, dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə bu il 10 min hektar sahədə “ağ qızıl” becərilib. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Bu günədək tarlalardan 18 min 23,7 ton məhsul toplanıb. Pambıq yığımına 41 ədəd pambıqyığan kombayn, 108 ədəd traktor, 200-dən çox qoşqu cəlb edilib. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər.