REGİONLAR
Ağcabədili fermer: Pambığın alış qiymətinin artırılması fermerləri məhsul istehsalına daha da həvəsləndirir
Ağcabədi, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması pambıqçılıqla məşğul olan fermerləri məhsul istehsalına daha da həvəsləndirir.
Ağcabədi rayon sakini, fermer Eldar Azadov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində pambıqçılıqla iki ildir məşğul olduğunu bildirib: "Dövlət tərəfindən pambıqçılığa göstərilən qayğıdan ruhlanaraq keçən il 20 hektarda pambıq becərdim. Hər hektardan 40 sentner məhsul götürərək xeyli qazanc əldə etdim. Bu il isə pambıq əkinlərini 55 hektara çatdırmışam. Əkin sahələrində aqrotexniki tədbirlərin ardıcıl və düzgün həyata keçirilməsi nəticəsində gözlədiyimiz məhsul yetişib. Artıq 10 hektarın pambığını yığmışıq. Hər hektarın məhsuldarlığı 41 sentnerdir. Tarlalardan mövsümün sonunadək 200 tondan çox pambıq gözləyirik. Pambığın alış qiymətinin 50 manat artırılması nəticəsində əlavə 10 min manat qazanc əldə edəcəyəm. Gələn il pambıq sahələrini genişləndirərək, məhsuldarlığı daha da yüksəltməyə çalışacağam”, – deyə fermer bildirib.
Qeyd edək ki, pambıq əkən fermerlərin məhsul istehsalına, yığıma həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növ 600-dən 650 manata, 2-ci növ 580-dən 630 manata, 3-cü növ 540-dan 590 manata, 4-cü növ 500-dən 550 manatadək artırılıb.