REGİONLAR
Ağcabədili könüllülər bir gündə 650 min ağac əkilməsi təşəbbüsündə həvəslə iştirak edirlər
Ağcabədi, 6 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü bütün ölkə vətəndaşları kimi, gənclər tərəfindən də böyük razılıqla qarşılanıb.
Gənclər İnkişaf və Karyera Mərkəzinin direktoru Əli Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini münasibətilə ölkəmizdə 650 min ağac əkilməsi şairin xatirəsinin əbədiləşdirilməsi və təbliği, eləcə də ekoloji mühitin qorunması və yaxşılaşdırılması baxımdan olduqca əhəmiyyətlidir.
"Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Bu məqsədlə yaşıllıqlar artırılır, yeni meşə massivləri salınır, ağacəkmə aksiyaları keçirilir. Bütün bunlar gələcək nəslin sağlamlığına, ətraf mühitin yaxşılaşdırılmasına yönəlib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsü təbiətimizə bir töhfədir. Odur ki, Ağcabədi rayonundan olan gənc könüllülər ağacəkmə kampaniyasında həvəslə iştirak edir, ana təbiətə töhfələrini verirlər", - deyə Ə.Əhmədov bildirib.