REGİONLAR
Ağcabədili pambıqçılar 1143,9 ton pambıq təhvil veriblər
Ağcabədi, 4 oktyabr, AZƏRTAC
Bu il Ağcabədi rayonunda ötən illə müqayisədə 2,5 dəfə çox - 3661 hektar sahədə pambıq becərilib. Havaların əlverişli keçməsi və düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib. Pambığın tez və itkisiz yığılması üçün lazımi tədbirlər görülüb.
AZƏRTAC xəbər verir ki, rayonun pambıqçılıqla məşğul olan fermerləri hazırda məhsul yığımını davam etdirirlər. Pambıq həm əl əməyi, həm də maşınlar vasitəsilə yığılır. Rayon statistika idarəsindən verilən məlumata görə, bu günədək 1143,9 ton məhsul tədarük edilib. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC-yə təhvil verilir.
Rayonda pambıqçılığın inkişafı istiqamətində görülmüş müvafiq tədbirlər nəticəsində 2017-ci ildə 8000 hektarda pambıq əkilməsi nəzərdə tutulur. Artıq gələcək əkinlər üçün hazırlıq işlərinə başlanılıb, əkiləcək pambıq sahələri müəyyən edilib.