REGİONLAR


Ağcabədinin Hindarx qəsəbəsində əsaslı təmir olunan məktəb binası istifadəyə verilib

Ağcabədi, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonu Hindarx qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəman Etibar İsmayılovun məktəbin qarşısında ucaldılmış büstünü ziyarət edib, önünə tər güllər düzüblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən danışıblar.

Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və kənd sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.

Sonra qonaqlar təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olublar. Məktəbdə 39 sinif otağı, 2 laboratoriya, idman zalı, kitabxana, muzey və 2 kompüter otağı var. Təhsil ocağı lazımi inventar və avadanlıqla təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.