REGİONLAR


Ağcabədinin Sarıcalı kəndində 360 şagird yerlik məktəb binası inşa edilib VİDEO

Ağcabədi, 21 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Yanvarın 21-də Ağcabədi rayon şəhid Müşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina istifadəyə verilib. Binanın tikintisi Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 4 iyun tarixli Sərəncamına əsasən həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, iki mərtəbə və zirzəmidən ibarət yeni məktəb binasında 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası, texnologiya kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə, internetlə, lazımi inventar və avadanlıqlarla təmin olunub. Məktəbin həyətində idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 312 şagird, məktəbəhazırlıq qrupunda isə 19 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 31 nəfər pedaqoji işçi çalışır.

Qonaqlar məktəbin qarşısında şəhid Müşfiq Uluxanovun büstü önünə gül dəstələri qoyub, sonra təhsil ocağında yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.