CƏMİYYƏT
Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ layihələndirmə mərhələsindədir
Lənkəran, 30 sentyabr, AZƏRTAC
Azad edilmiş ərazilərdə növbəti il üçün görüləcək işlərlə bağlı əsas istiqamət əraziyə dəymiş ziyanın aradan qaldırılmasıdır. Həmin istiqamətdə meşəbərpa işlərinin aparılması nəzərdə tutulub. O cümlədən Zəngilan və Cəbrayılda ilin sonuna qədər meşə zolaqları salınacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavininin sözlərinə görə, Qarabağ su ehtiyatı baxımından çox zəngindir: "Həmin su ehtiyatları imkan verir ki, o bölgələr su ehtiyatına olan tələbatını ödəsin. Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir. Həkəri və Bərgüşad çayları üzərində də su anbarlarının tikilməsi nəzərdə tutulur".