SİYASƏT


Ağdam Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində hərbi əməliyyatsız azad olundu

Bakı, 20 noyabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi ərzində torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Bundan sonra imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal etdiyi Kəlbəcər, Ağdam və Laçın rayonlarını da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verir və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilir. Heç bir qan tökmədən, şəhid vermədən düşməndən torpaq almaq dünya tarixində az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib ki, bəyanata uyğun olaraq bu gün gözəl diyarımız Ağdam artıq Azərbaycanındır. Bütün siyasi təzyiqlərə, hədyana fikirlərə sinə gərərək adını yeni tariximizə qızıl hərflərlə yazdıran ölkə başçımız Azərbaycan xalqını hər keçən gün dünyaya qürurlu, mərd xalq kimi tanıdır. Məhz cənab Prezidentin siyasi iradəsi nəticəsində Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə öz hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. Prezident xalqının xilaskarlıq missiyasını ən yüksək səviyyədə icra edir. Bu gün də məhz qürur və fərəhlə deyə bilirik ki, “kiçik qala” adlandırılan Ağdam bizimdir, Ağdam Azərbaycandır!

Politoloq bildirib ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi. Ağdam o qəhrəman yurddur ki, düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülüb, işğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamın işğal tarixi illərlə beynimizə, yaddaşlarımıza həkk olunmuşdu. Bu gün isə bu rəqəm təqvimin qara səhifəsi kimi tariximizə, şəhidlərimizə hörmətlə yeni bir rəqəmlə əvəzlənir. Belə ki, 20.09.20 tarixi və müqəddəs cümə günündə Ağdam hərbi əməliyyatsız Azərbaycana təhvil verilən ilk ərazi kimi tarixə düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun səyi nəticəsində biz tarixi anlar yaşayırıq.

Ağdam şəhəri, onun qədim keçmişinin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdı. Buna baxmayaraq, necə ki, Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməklə birlik nümayiş etdirdik, bu gün də eynilə cənab Prezidentin də dediyi kimi, bütün rayonlarımızı, şəhərlərimizi dirçəltmək uğrunda əzmkarlıq göstəririk. Ali Baş Komandan İlham Əliyevin də xalqa müraciətində bəyan etdiyi kimi, artıq Ağdam üçün yeni mərhələ başlayır. Bu gün hər kəs Şuşaya, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama getməyə səbirsizlənir. İşğaldan azad edilən doğma torpaqlarımızda, o cümlədən Ağdamda çox yaxın gələcəkdə yeni gözəl bir həyat başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.