REGİONLAR


Ağdam, Tərtər və Füzuli rayonlarının qazlaşdırılması başa çatdırılıb

On beş il əvvəl təbii qazla təminat ölkə üzrə 50 faiz səviyyəsində idisə, bu gün 95 faizə çatıb

Ağdam, 4 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin sosial rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərdə əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində, dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Belə layihələrdən biri istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılmasıdır. Bu istiqamətdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən əvvəlki illərdə başlanılmış işlər 2018-ci ildə də davam etdirilib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkənin qazlaşdırılmasından danışarkən bildirib ki, təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün isə 95 faizdir. "...Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır".

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son beş ildə Qarabağ bölgəsində 39 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə yola saldığımız 2018-ci ildə Tərtər rayonunun Soyulan, Alışarlı, Aşağı Qapanlı, Hacallı, Rəcəbli, Kovdadıq, Bildirçinli, Umudlu kəndlərinə təbii qaz verilib, 428 fərdi ev “mavi yanacaq”la təmin edilib. Bundan əlavə, ötən il Ağdam rayonunun Mirzələr qış otlağı və Ergi adlanan ərazilərində Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı iki qəsəbədə 468 fərdi ev qazlaşdırılıb. Görülən tədbirlər sayəsində Ağdam, Füzuli və Tərtər rayonlarının qazlaşdırılması başa çatdırılıb. Növbəti mərhələdə təbii qazla təmin olunan yaşayış məntəqələrində yeni yaşayış massivlərinin qazlaşdırılması məsələsi gündəmdə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.