MƏDƏNİYYƏT


“Ağdam - Qafqazın Xirosiması” adlı tövsiyə biblioqrafiyası oxuculara təqdim edilib

Bakı, 3 iyun, AZƏRTAC

Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən olan Ağdam - xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Belə ki, rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır.

Ağdam şəhərində Üzərliktəpə abidəsi, Kəngərlidəki XIV əsrin yadigarı - daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, Cümə məscidi, Ağdamın məşhur Çörək muzeyi, Xaçındərbətli kəndindəki el arasında “Sarı Musa türbəsi” adlanan Xaçındərbətli abidəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Pənahəli xanın imarəti, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi sərvət qruplaşdırılaraq “Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilib.

Lakin erməni vandalları tərəfindən bu şəhər o qədər dağıdılıb ki, xarici jurnalistlər bu gün Ağdamı “Qafqazın Xirosiması” adlandırır. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”nə çevrilib.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi “Ağdam - Qafqazın Xirosiması” adlı tövsiyə biblioqrafiyası hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan 55 adda ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilib.

Tövsiyə göstəricisində yer alan kitablarda məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materiallar öz əksini tapıb. Oxuculara vəsaitdə verilmiş ədəbiyyatların tam mətni ilə tanış olmaq imkanı da yaradılmışdır. Belə ki, vəsaitdə 38 kitab, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materialların linkləri də verilib.

Aşağıdakı link vasitəsilə tövsiyə biblioqrafiyası ilə yaxından tanış ola bilərsiniz:

https://www.clb.az/adam-qafqazn-xirosimas-ruhlar-hri_d3180.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.