REGİONLAR


Ağdam - talan edilmiş, dağıdılmış şəhər FOTO VİDEO

Ağdam, 22 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində son qoyulub. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq işğalçı qoşunlar noyabrın 20-də Ağdam rayonunu tam boşaldıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub.

AZƏRTAC xəbər verir ki, erməni işğalçıları Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından olan Ağdamda görünməmiş vandalizm həyata keçiriblər. Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırılıb. Hər şeyi məhv edən erməni vandalları tarixi abidələri, qəbiristanlıqları da dağıdıblar. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək dağıdılmış Qafqazın Xirosimasına çevrilmiş xarabalıqlar qalıb.

Ancaq Ağdam hazırkı görüntüləri doğma torpaqlarımıza qovuşmaq sevincimizə kölgə sala bilməz. Çünki Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də erməni vandalları tərəfindən tamamilə dağıdılmışdı. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi işğaldan azad ediləndən sonra Azərbaycan dövləti bir ilin ərzində Cocuq Mərcanlıda bütün infrastruktura malik müasir qəsəbə inşa etdi. İşğaldan azad edilmiş Ağdam rayonu da bərpa ediləcək, yenidən qurulacaq.

Ağdam rayonunun bərpasının gələcək planlarda xüsusi yer tutacağını vurğulayan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində deyib: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Ağdam şəhərindən erməni işğalçılarının vəhşiliklərini əks etdirən fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.