REGİONLAR
Ağdam: ixtisaslaşdırılmış kurslar iştirakçıların fəallığı şəraitində başa çatıb
Ağdam, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza mövcuddur. Ölkəmizdə seçki təcrübəsi ildən-ilə təkmilləşdirilir. Qarşıdan gələn bələdiyyə seçkiləri də tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir oktyabrın 17-də Ağdam rayonunun ərazisində fəaliyyət göstərən 118 və 119 saylı seçki dairələrində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kursların sonuncu günündə səsləndirilib. Kurslarda 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə 21, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 42 məntəqə seçki komissiyasının sədri, dairə seçki komissiyalarının üzvləri, habelə işğal altındakı digər rayonlardan olan məntəqə sədrləri iştirak edib.
DSK-ların sədrləri Ramiz Səfərov və Rövşən Şükürov “Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, bu istiqamətdə MSK-ların fəaliyyətinin təşkili və vəzifələri" mövzusunda seminar keçiriblər. Kursların sonuncu günündə, həmçinin “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda məruzə dinlənilib.
İştirakçıların fəallığı şəraitində keçən kursda mövzular ətrafında fikir mübadiləsi aparılıb, dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.