REGİONLAR


Ağdam pambıqçıları bu günədək 6835 tondan çox məhsul tədarük ediblər

Ağdam pambıqçıları bu günədək 6835 tondan çox məhsul tədarük ediblər

Ağdam, 5 dekabr, AZƏRTAC

Ağdam rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir. İndiyədək qəbul məntəqələrinə 6835,55 ton “ağ qızıl” təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2022-ci ildə 1111,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 540 hektarı “Azərpambıq” MMC, 770 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında olmaqla 2421,3 hektar sahədə pambıq becərilib. Hazırda pambıq plantasiyalarında sonuncu yığım gedir. Ağdamlı “ağ qızıl” ustaları mühüm strateji məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar.

Qeyd edək ki, bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası ödənilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla, iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.