CƏMİYYƏT


Ağdam rayonu Zəngişalı kənd tam orta məktəbin binası əsaslı təmir olunur

Ağdam, 19 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Təhsil sisteminin yenidən qurulması, böyüyən nəslin yüksək şəraitə, zəruri infrastruktura malik təhsil müəssisələrində oxuması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı böyük əhəmiyyət kəsb edir. Odur ki, respublikamızda yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi daim diqqət mərkəzində saxlanılır.

Ölkəmizdə məktəb binalarının tikintisi və əsaslı təmiri şəhərlərlə, rayon mərkəzləri ilə yanaşı ən ucqar kəndlərdə də uğurla həyata keçirilir. Ağdam rayonunun Zəngişalı kənd tam orta məktəbinin binası da əsaslı təmir olunur.

AZƏRTAC-ın bölgə müxbiri cəbhə bölgəsində yerləşən kənd məktəbində aparılan əsaslı təmir işləri ilə maraqlanıb. Mühəndis Məhəmməd Məmmədov bildirib ki, 640 şagird yerlik Zəngişalı kənd tam orta məktəbin binası sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, kitabxana, bufet və sair otaqlardan ibarətdir. Əsaslı təmir və bərkitmə işləri çərçivəsində məktəb binasının dam örtüyü dəyişdirilib, divarlarda metal konstruksiya işi görülüb. Həyətdə nasosxana, qazanxana və transformator yarımstansiyası tikilib. Hazırda suvaq, santexnik, malyar, elektrik işləri görülür, döşəmənin alt hissəsi betonlanır, tavana alçipan vurulur. Məktəbin həyətində hər biri 100 kubmetrlik içməli və yanğın əleyhinə su anbarları tikilir, hasarlar yenidən qurulur. Həyətdə həmçinin futbol, basketbol, təlim-məşq meydançaları inşa ediləcək, abadlıq işləri aparılacaq. Məktəb binasında istilik, müşahidə, siqnalizasiya sistemləri qurulacaq.

Məktəb binasının əsaslı təmir olunması müəllimlərin, şagirdlərin və valideynlərin sevincinə səbəb olub. Məktəbin müəllimi Sənan Mahmudov bildirib ki, 1969-cu ildə inşa edilən təhsil ocağı ötən dövr ərzində bir dəfə təmir olunub. Məktəb binasının şəraitsiz olması tədris prosesində çətinliklər yaradırdı. Bu gün isə məktəbimiz yüksək səviyyədə əsaslı təmir edilir. Tezliklə işlər başa çatacaq, məktəbimiz müasir avadanlıqlarla təmin olunacaq. Bu isə təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Məktəbin əsaslı təmir olunması dövlətimizin təhsilin inkişafına diqqətinin bariz nümunəsidir. Bunun üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.