CƏMİYYƏT


Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir

Bakı, 13 iyun, AZƏRTAC

Ermənistan Ağdam rayonunda basdırılan piyada və tank əleyhinə minaların xəritəsini Azərbaycana verib. Bu, minlərlə insanın təhlükəsizliyini təmin etmək, milyonlarla manat vəsaitə qənaət etmək deməkdir. Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, Ağdam rayonu üzrə mina xəritəsi əsasında Ermənistanın bir vaxtlar Ağdam rayonu ərazisində basdırdığı 100 mindən çox minanın yerini müəyyən etmək mümkün olacaq. Bu isə minlərlə insanın təhlükəsizliyinin təmin edilməsi deməkdir.

Unutmaq olmaz ki, minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həmin minaların zərərsizləşdirilməsi prosesini də sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəmin yaradacaq. Biz bundan sonra həmin ərazilərdə abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasına şahid olacağıq.

Polkovnik qeyd edib ki, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi ölkəmiz üçün iqtisadi baxımdan da faydalıdır: “Minalanmış ərazilərin xəritəsinin əldə edilməsinin daha bir əhəmiyyəti həm də bilavasitə iqtisadi qazancla bağlıdır. Belə ki, bu xəritənin əldə edilməsi ölkəmizə milyonlarla manat vəsaitə qənaət etməyə, həmçinin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Çünki minaların axtarılması, onların yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, həm də böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bunun üçün müəyyən texnika, ixtisaslı kadrlar, çoxsaylı mütəxəssislər tələb edilir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi bizi bu xərclərin böyük hissəsindən azad edəcək. Bu isə həm də iqtisadi uduş deməkdir”.

C.Xəlilov Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin dövlətimizə verilməsinin mühüm diplomatik zəfər olduğunu və milli dövlətçilik tariximizdə də məhz bu cür əks olunacağını vurğulayıb.

O, qeyd edib ki, digər rayonlarımız üzrə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi dövlətimizin diqqətindədir və Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.