REGİONLAR


Ağdam rayonunda əkinlərin suvarma suyu ilə təminatı üçün ardıcıl tədbirlər görülür FOTO VİDEO

Ağdam, 13 sentyabr Tahir Ağaməmmədov, AZƏRTAC

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılmasını, eləcə də 75 min nəfər əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. 28 min 249 hektar sahə subartezian quyuları, 7151 hektar sahə isə öz axımı və nasos stansiyaları ilə suvarılır. İdarənin balansında 986 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var.

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün istismarı dayanmış və suyu azalmış subartezian quyuları bərpa edilir, Prezident İlham Əliyevin Sərəncamına əsasən yeni quyular qazılır. Dövlət başçısının sərəncamlarına əsasən son beş ildə rayonda 207 ədəd subartezian quyusu qazılıb istehlakçıların istifadəsinə verilib.

Rayonda subartezian quyularının, nasosların və hidroqurğuların təmiri daim diqqət mərkəzində saxlanılır, kanallarda ilboyu lildəntəmizləmə işləri həyata keçirilir. Cari ildə suvarma kanallarında 256 min kubmetr lildən təmizləmə işləri görülüb, 42 ədəd hidrotexniki qurğu, 480 ədəd nasos, 3 ədəd nasos stansiyada təmir işləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində əkinlərin suvarma suyu ilə təminatında heç bir çətinlik yaranmayıb.

2021-ci ilin səkkiz ayı ərzində 157 min 537 hektar sahə 4,5 dəfə, o cümlədən 2237 hektar pambıq sahəsi 4,8 dəfə, 8385 hektar dənli bitkilər 3 dəfə, 4893 hektar dirrik-bostan 7,7 dəfə, 15043 hektar yem bitkiləri 4,4 dəfə, 312 hektar qarğıdalı 4 dəfə, 96 hektar çoxillik bitkilər 4 dəfə, 648 hektar şəkər çuğunduru 4 dəfə, 3786 hektar həyətyanı sahə 4 dəfə, 335 hektar təkrar əkin qarğıdalı 2,1 dəfə suvarılıb.

Pambıqçılıqla məşğul olan Kolqışlaq kənd sakini Yaşar Abbasov əkinlərin suvarılmasında heç bir çətinliyin olmadığını və tarlasından yüksək məhsuldarlıq gözlədiyini deyib: “Hər il sahələrdən yüksək məhsuldarlığa nail oluram. Bu il 10 hektarda pambıq becərmişəm. Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması üçün yeni subartezian quyularının qazılması, suvarmadakı çətinliklərin aradan qaldırılması biz fermerləri daha da ruhlandırır. Pambığın suvarılmasını vaxtlı-vaxtında həyata keçirmişik. Nəticədə tarlanın vəziyyəti yaxşıdır, barlı kollar yetişib. Yaxın günlərdə məhsul yığımına başlayacağıq. Hər hektardan 45 sentnerdən çox məhsul gözləyirik. Kənd sakinlərinə, fermerlərə göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Ağdam rayonunun işğaldan azad edilən ərazilərində də su təsərrüfatı obyektlərinin bərpasına başlanılıb. Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, Ağdam rayonun işğaldan azad edilmiş ərazilərimdə 327 ədəd subartezian quyusu, Xaçınçay və Ağdamkənd su anbarları, 396 kilometr magistral kanallar, 427 ədəd hidrotexniki qurğu, həmçinin arxlar, kiçik su tutarları var idi. Artıq işğaldan azad edilən ərazilərin suvarma təminatı üçün əsaslı təmir işlərinə başlanılıb. Xaçınçay su anbarında smeta-layihə işləri yekunlaşır. Su anbarının qarşısında 14 kilometr suvarma kanalının minalardan təmizləməsi həyata keçirilib. Artıq bir ədəd subartezian quyusu bərpa edilib ki, onun vasitəsilə 35 hektar ərazi suvarma suyu ilə təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.