REGİONLAR


Ağdam rayonunda keçirilən “Bayraq yürüşü”ndə dörd mindən çox insan iştirak edib VİDEO

Ağdam, 7 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Noyabrın 7-də Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirilib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Müdafiə Nazirliyinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dörd min nəfərdən çox insanın iştirak etdiyi yürüş Quzanlı qəsəbəsinin Heydər Əliyev prospekti ilə Dövlət Bayrağı Meydanına qədər davam edib. İştirakçılar Şəhidlər abidə kompleksi önünə tər gül dəstələri düzüblər. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə göstərir. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.

Firudin Qurbanov çıxışında Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına da toxunub. Nazir müavini varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə vətənpərvərlik hissinin daha da artıracağını vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağımızda dalğalanmasıdır.

N saylı hərbi hissənin komandir müavini, polkovnik Babək Səmidli Azərbaycan Silahlı Qüvvələrinin üçrəngli bayrağımızı işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduğunu bildirib.

Tədbirdə əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub. Sonra hərbi hissədə əsgərlərlə birgə nahar edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov səfər çərçivəsində Ağdam Musiqi Kollecinin kollektivi ilə də görüşüb, müəllim və tələbələrlə söhbət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.