REGİONLAR


Ağdam rayonunda kəhriz su sistemləri bərpa olunur VİDEO

Ağdam, 7 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonu ərazisindəki kəhrizlər bərpa edilir. 2018-ci ildən icrasına başlanılan dördillik layihə üzrə ümumilikdə, Azərbaycanın məcburi köçkünlərin də sıx məskunlaşdıqları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası nəzərdə tutulur.

Layihə mühəndisi Rəvan Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, KOICA tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən layihənin əsas məqsədi məcburi köçkünlərin məskunlaşdığı icmalarda həyat şəraitinin və su təminatının yaxşılaşdırılmasıdır. Layihəyə uyğun olaraq, 4 il ərzində 8 mindən çox məcburi köçkün ailəsinin sıx məskunlaşdığı 8 rayon və şəhərdə kəhrizlər bərpa ediləcək. Kəhrizlərin bərpası ilə məcburi köçkün ailələrin içməli və suvarma su təchizatı yaxşılaşdırılacaq.

2018-2022-ci illəri əhatə edən layihə çərçivəsində Ağdam rayonu ərazisində 17 kəhrizin bərpası nəzərdə tutulub. Ötən il kəhrizlərin baş quyularında və sutoplayıcı tunellərdə texniki göstəriciləri öyrənmək, suvermə qabiliyyətini yoxlamaq, suyun keyfiyyətini müəyyən etmək məqsədilə tədqiqat-qazma işləri aparılıb. Hazırda Əhmədağalı kəndi ərazisində yerləşən, Mirəşelli kəndinə aid “Şəmsi” və Kolqışlaq kəndinə aid olan “Çinarlı” kəhrizlərində ənənəvi üsulla bərpa işləri həyata keçirilir. Kəhriz quyuları xüsusi texnika vasitəsilə qazılır. Təmizləmə işləri aparıldıqdan sonra kəhriz quyuları və tunellərində dəmir-beton həlqələr quraşdırılır.

Rəvan Mehdiyev qeyd edib ki, kəhrizlərin bərpasında ilk dəfə olaraq yeni texnoloji metodologiya da tətbiq ediləcək. Belə ki, kəhriz tunelləri üfüqi qazma avadanlıqları vasitəsilə qazılacaq və dəmir-beton həlqələr deyil, plastik borular quraşdırılacaq. Bununla da kəhrizlərin ətraf mühitin təsiri amillərinə dayanıqlığı artırılacaq.

Bu ay Ağdam rayonunda daha iki kəhrizdə - “Qozlu” və “Heyvalı” kəhrizlərində bərpa işlərinə başlanılması planlaşdırılır. Bunun üçün layihə-smeta sənədlərinin hazırlanması, kəhriz bərpa qruplarının formalaşdırılması, texniki-təchizat məsələləri həll olunub.

Ağdam rayonu Bənövşələr qəsəbəsi üzrə “Sudan İstifadə Edənlər Komitəsinin” İcma Sədri Məhəmməd Bayramov KOICA tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrası nəticəsində əhalinin içməli və suvarma suyu ilə təminatı yaxşılaşacaq. Eyni zamanda, məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə, kiçik və orta bizneslə məşğul olmalarına dəstək veriləcək. Belə ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin sifarişi ilə “Finance and Social Innovation Consulting” MMC, subpodratçı olaraq, sözügedən layihənin hədəf ərazilərində yaşayan məcburi köçkünlər arasında biznesə başlamaq və digər gəlir gətirən fəaliyyətləri həyata keçirməyin zəruriliyini müəyyən etmək üçün ehtiyac qiymətləndirməsi aparır. Həmçinin biznes fəaliyyətlərini və benefisiarlar üçün biznes məsləhətləşmələrini formalaşdırmaq məqsədilə bazar təhlili və dəyər zənciri təhlilini həyata keçirir. Artıq bu məqsədlə 750-dən artıq respondenti – hədəf bölgələrdə yaşayan və biznesə başlamaq və ya mövcud biznesini inkişaf etdirmək istəyən məcburi köçkünü əhatə edən müvafiq sorğu və müsahibələr keçirilib.

Qeyd edək ki, qlobal istiləşmə və onun yaratdığı fəsadlardan olan su mənbələrinin azaldığı hazırkı dövrdə Azərbaycanın arid zonalarında su probleminin aradan qaldırılmasında kəhrizlərin bərpası mühüm əhəmiyyət kəsb edir. Kəhrizlərin üstünlükləri ondan ibarətdir ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur. Vaxtilə Azərbaycanın 41 rayonunda və 5 şəhərində mövcud olmuş 1500-dən artıq kəhrizdən son dövrlərdə yalnız 10 faizindən bir qədər artığı bərpa olunub və istifadə edilməkdədir. Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda 1999-cu ildən kəhrizlərin bərpası ilə bağlı layihələr həyata keçirir. 1999-2013-cü illərdə 163 kəhriz bərpa edilərək, sakinlərin istifadəsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.