CƏMİYYƏT
Ağdam rayonunda piyada əleyhinə mina zərərsizləşdirilib
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 12-də üç əkin sahəsində 8 partlayış yerinə baxış keçiriblər. Ağdam rayonunun Əfətli kəndində bir əkin sahəsində piyada əleyhinə 1 mina aşkar edilib. Daşınması mümkün olmadığından mina yerində zərərsizləşdirilib. Gün ərzində 14 min 500 kvadratmetr ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Mahrızlı, Tərtər rayonunun Çaylı kəndlərində əkin sahələrində partlayış yerlərinə baxış keçirilən zaman partlamamış hərbi sursat aşkar edilməyib. Cəmi 11 min 300 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 12-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib.
Nəticədə 1580 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.