REGİONLAR
Ağdam rayonunda yazlıq əkin sahələri 32,4 faiz artıb
Ağdam, 12 aprel, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yaz-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edir, texniki bitkilər üçün nəzərdə tutulmuş sahələr səpinə hazır vəziyyətə gətirilir.
Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 2539 hektarda yazlıq səpin həyata keçirilib. Bu, ötən ilin müvafiq dövründəkindən 32,4 faiz çoxdur. Yazlıq əkinlərin 431 hektarı çoxillik otlar, 344 hektarı kartof, 1498 hektarı tərəvəz, 266 hektarı şəkər çuğundurudur. Əvvəlki illə müqayisədə kartof əkini 4,2 faiz, tərəvəz əkini 47 faiz, şəkər çuğunduru əkini 2 dəfə artıb.
Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Yaxın günlərdə çiyid səpininə də başlanılacaq.