REGİONLAR
Ağdam rayonunda yeni subartezian quyuları qazılır, suyu azalmış quyular bərpa edilir VİDEO
Ağdam, 28 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Havaların quraq keçməsi son dövrlərdə əkinlərin suvarma suyu ilə təmin olunmasında bir sıra çətinliklər yaradıb. Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlət başçısı rayonlarda su ilə bağlı yaranmış mövcud problemə xüsusi diqqət çəkib və məsələnin həlli üçün tapşırıqlar verib. Bundan sonra respublikamızın bir çox rayonlarında suvarma sahəsində yaranmış problemlərin aradan qaldırılmasına başlanılıb.
Əkinlərin suvarma suyu ilə təmin olunması, bu sahədə fermerlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da mühüm işlər görülür. İstismarı dayanmış və suyu azalmış subartezian quyuları bərpa edilir, Prezident İlham Əliyevin Sərəncamına əsasən yeni quyular qazılır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdam rayonunun ərazisinin böyük hissəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib, təbii su mənbələri işğal altında qalıb. Xüsusən Sərsəng su anbarının işğal altında olması rayonda əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Odur ki, rayonun işğal altında olmayan ərazilərindəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi əsasən subartezian quyuları vasitəsilə reallaşdırılır.
Ağdam Mexaniki Suvarma İdarəsi rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılmasını, eləcə də 75 min nəfər əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. İdarənin balansında 964 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamları əsasında hər il rayon ərazisində yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. Dövlət başçısının “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 28 fevral tarixli Sərəncamına əsasən cari ildə rayonda 20 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq 12 quyu qazılıb, 8 quyuda isə son tamamlanma işləri aparılır.
Qlobal istiləşmə nəticəsində rayon ərazisindəki subartezian quyularının 6-nın suyu azaldığından idarənin tədbirlər planında dəyişikliklər edilərək həmin quyularda əsaslı təmir işlərinə başlanılıb. Artıq onlardan ikisində - Eyvazlı və Əfətli kəndlərindəki quyularda işlər başa çatdırılaraq istifadəyə verilib.
Subartezian quyularının əsaslı təmir edilməsi nəticəsində əkinlərin suvarılmasındakı çətinliklər aradan qaldırılır ki, bu da fermerlərin sevincinə səbəb olub. Rayon sakini Qəhrəman İsmayılov suvarmada mövcud olan çətinliyin aradan qaldırılmasına görə razılığını ifadə edib: “Əkin sahələrimizin suvarılmasında istifadə etdiyimiz subartezian quyusunun suyu azalmışdı. Əkinlərin suvarılmasında çətinlik çəkirdik. İndi bu çətinliyimiz aradan qaldırılır. Yeni qazılan quyunun suyu ilə həm əkin sahələrini, həm də həyətyanı sahələri suvaracağıq. Eyni zamanda, içməli su kimi istifadə edəcəyik. Kənd sakinlərinə, fermerlərə göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Əkinlərin suvarma suyu ilə təminatında problemlər yaranmaması üçün subartezian quyularının qazılması və əsaslı təmiri ilə yanaşı, rayon ərazisindəki suvarma kanallarında da lildən təmizləmə işləri aparılır.