REGİONLAR
“Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsinin təqdimat mərasimi keçirilib
Ağdam, 30 avqust, AZƏRTAC
Ağdam rayonunda Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Yaponiyanın səfiri Vada Cüniçi, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və “Aran Humanitar Regional İnkişaf” İctimai Birliyinin rəhbəri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsində məqsəd Ağdam rayonunun Quzanlı, Alıbəyli, Ballar, Birinci Yüzbaşlı, Bəybabalar, Böyükbəyli, İmamqulubəyli, Kəlbəhüseynli, Eyvazlı kəndlərinin istifadəyə yararsız quyu tipli artezian suvarma sistemini bərpa edərək, sözügedən 9 kənddə istifadəsi dayandırılmış kənd təsərrüfatına yararlı torpaq sahələrindən yenidən istifadə olunması nəticəsində fermerlərin gəlirlərinin artırılmasının təmin edilməsidir. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti 152,699 manat məbləğində qrant ayırıb.
İndiyə qədər Azərbaycan Respublikasında “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 278-ə çatıb. Ümumi qrant məbləği isə 39,865,000 AZN-i keçib.
“Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respublikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.