REGİONLAR
Ağdam rayonunun Mahrızlı kəndində 320 şagird yerlik məktəb binası inşa edilir VİDEO
Ağdam, 16 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbində 320 şagird yerlik yeni bina inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri Mahrızlı kəndinə gedərək aparılan inşaat işləri ilə maraqlanıb. Tikintidə sahə rəisi Vaqif Əsədov bildirib ki, ikimərtəbəli məktəb binasının ümumi tikinti sahəsi 2908 kvadratmetrdir. Beş blokdan ibarət yeni məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq.
Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.
Hazırda binanın zirzəmisində dəmir-beton işləri yekunlaşıb, birinci mərtəbədə beton və hörgü işləri görülür.
Mahrızlı kəndində yeni məktəb binasının tikintisinə başlanılması kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Mahrızlı kənd tam orta məktəbinin direktoru Südeyib Məhərrəmov müxbirimizlə söhbətində bildirib ki, məktəb binası 1987-ci ildə Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edən zaman qəhrəmancasına həlak olmuş cəsur hərbçi Rahib Məmmədovun şərəfinə tikilib. “Binada tədris üçün şərait yaxşı deyildi. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Vətən müharibəsi zamanı məktəbin düşmənin artilleriya atəşinə məruz qalması nəticəsində binanın bir hissəsi yararsız hala düşmüşdü. Müharibə başa çatdıqdan sonra məktəb binası qismən bərpa olundu və biz tədrisi davam etdirdik. İndi isə məktəbimiz üçün müasir, günün tələblərinə cavab verən yeni bina inşa edilir. Biz müəllimlər çalışacağıq ki, yeni binada işimizi günün tələbləri səviyyəsində quraq, ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirək. Təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına müəllim və şagirdlər adından minnətdarlığımı bildirirəm”, - deyə S.Məhərrəmov bildirib.