REGİONLAR


Ağdam sakini: Bu yol Böyük Qayıdış yoludur, bizi yurdumuza qovuşduracaq FOTO

Ağdam, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Böyük Qayıdışı yaxınlaşdıran belə layihələrdən biri Bərdə-Ağdam avtomobil yolunun yenidən qurulmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 28-də Ağdama səfəri zamanı təməli qoyulan Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir.

AZƏRTAC-ın bölgə müxbiri Bərdə-Ağdam avtomobil yolunun təməlinin qoyulduğu Uzundərə adlanan əraziyə gedərək, görülən işlərlə tanış olub. Dövlətimizin başçısının tapşırığına əsasən, I texniki dərəcəyə uyğun inşa edilən Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Hazırda yolun müxtəlif hissələrində tikinti işləri sürətlə davam edir. Bunun üçün əraziyə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun ərazilərdən asılı olaraq 18,5, 21,5 və 26,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Ağdam sakini Zülfü Qasımovla da yolun təməlinin qoyulduğu ərazidə həmsöhbət olduq. “Bu yol Böyük Qayıdış yoludur. Bizi yurdumuza, işğaldan azad edilmiş ərazilərə aparan yoldur. Prezident yolun təməlini bizim kəndimizin - Ətyeməzli kəndinin girişində, Uzundərə adlanan yerdə qoydu. Görürsünüz, işlər necə sürətlə gedir. Qürurverici görüntülərdir. Yolun tikintisi də başa çatacaq, Ağdamımız da bərpa olunacaq. Dövlət başçısının dediyi kimi, elə bir Ağdam qurulacaq ki, bütün dünya üçün örnək olacaq. 27 il Vətən həsrəti ilə yaşayan ağdamlılar bu yolla yenidən qurulmuş gözəl Ağdam şəhərinə qayıdacaqlar", - deyə Zülfü Qasımov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.