REGİONLAR
Ağdam ziyalısı: Azərbaycanın bugünkü inkişafının əsasında Heydər Əliyev ideyaları dayanır
Ağdam, 11 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkə tarixində yeni bir mərhələ başlandı. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycanın parçalanmaq, dövlət müstəqilliyinin məhv olmaq təhlükəsi aradan qaldırıldı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında əsaslı dönüş yarandı, əmin-amanlıq və siyasi sabitlik bərqərar oldu.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayonunun ziyalısı Fəqani Səfərov bildirib.
O deyib: “Heydər Əliyevin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin xalqına, millətinə, Vətəninə sonsuz, təmənnasız, böyük sevgisi. Məhz bu amillər sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyuldu, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter aldı. Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olmuşdur”.
Fəqani Səfərov qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının əsasında da Heydər Əliyev ideyaları dayanır. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, ölkəmiz regionun ən güclü dövlətinə çevrilib.