REGİONLAR
Ağdamda Qarabağ bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib
Ağdam, 22 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsində fəaliyyət göstərən nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ziyalılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanın Dövlət Himni oxunub, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycanda milli mətbuatın yaranmasının ildönümü münasibətilə media işçilərini təbrik edib, milli mətbuatımızın zəngin və şərəfli yoluna, “Əkinçi” qəzetinin fəaliyyətinə nəzər salıblar. Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan natiqlər söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə Azərbaycan mediasının 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətindən də bəhs edilib. Bildirilib ki, Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də informasiya savaşında düşmənə qalib gəldi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Qarabağ bölgəsində çalışan media nümayəndələrinin də böyük rolu olub.
Sonda media nümayəndələrinə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.