REGİONLAR
Ağdamda Qələbəmizin ikiilliyinə həsr edilən kitab: Yeni Qarabağnamə VİDEO
Ağdam, 17 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Rayon Heydər Əliyev Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabının təqdimatı olub. Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində Qələbəmizin ikiilliyinə həsr edilən kitab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan postkonflikt quruculuğundan bəhs edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün sürən hərbi əməliyyatlar zamanı düşmən üzərində tarixi Zəfər çalaraq torpaqlarımızı işğaldan azad etməsindən, Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə şəhər və kəndlərimizin talan edilərək, dağıdılaraq yer üzündən silinməsindən və Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərindən danışıblar.
Diqqətə çatdırılıb ki, kitabda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılması, sosial siyasət, yeni dövlət idarəetmə modeli, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti, iqtisadi və sosial infrastrukturun yaradılması, dövlət təşviqi ilə iqtisadiyyatın canlandırılması, yaşayış məntəqələrinin planlı bərpası, əhalinin böyük qayıdışı, Ermənistanın beynəlxalq məsuliyyətə cəlb edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması siyasəti ayrı-ayrı bölümlərlə təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 2022-ci il 12 sentyabr tarixli qərarına əsasən nəşrə tövsiyə edilən kitab 11 müəllif tərəfindən yazılıb. Elmi redaktoru İİTKM-in icraçı direktoru Vüsal Qasımlı olan “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabını Ramil Hüseyn, Yusif Səfərov, Günay Quliyeva, Məsumə Talıbova, Coşqun Cəfərov, Mətanət Rəsulova, Aminə Bayramova, Ayaz Müseyibov, Ayhan Satıcı və Firdovsi Fikrətzadə hazırlayıb. Kitabdan hər kəs faydalana bilər.