REGİONLAR
Ağdamda “Ruhun həsrəti” filminin təqdimatı olub
Ağdam, 13 iyul, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində böyük şücaətlər göstərmiş şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, Raquf Orucovun döyüş yoldaşlarının, ailə üzvlərinin və hərbçilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli “Murov qartalı” kimi tanınan kəşfiyyatçı Raquf Orucovun mübariz və qorxmaz keyfiyyətləri barədə danışıb.
Sonra film nümayiş olunub. Filmdə şəhid kəşfiyyat komandirinin həyat yoldaşı, ailə üzvləri, döyüş yoldaşları, həmkəndliləri və tanınmış ziyalıların xatirələri əks olunub, kadrlar bir-birini əvəz etdikcə onun keçdiyi həyat və döyüş yolu ilə bağlı səhnələr, epizodlar, xatirələr göz önündə canlanıb.
“Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan bu film Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun birgə layihəsi nəticəsində ərsəyə gəlib. Filmin ssenari müəllifi Sevinc Orucova, layihənin rəhbərləri Əflatun Amaşov və Bəxtiyar Qaracadır.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədli, professor Cahangir Məmmədli, Xalq Artisti Nurəddin Mehdixanlı, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev, filmin layihə rəhbəri Bəxtiyar Qaraca, ssenari müəllifi, şəhidin həyat yoldaşı Sevinc Orucova çıxış edərək Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söz açıb, onunla bağlı xatirələrini bölüşüb, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək olduğunu söyləyiblər.
Tədbirdə şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turnirinin qaliblərinə mükafatlar verilib. Sonra Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahında şəhidin xatirəsinə ehsan süfrəsi açılıb.