REGİONLAR
Ağdamda “Şəhadət” filmi nümayiş olunub
Ağdam, 23 oktyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi Ağdam Musiqi Kollecində nümayiş etdirilib.
Bu münasibətlə keçirilən tədbirdə DQİDK-nın Ağcabədi şöbəsinin əməkdaşları, kollecin müəllim və tələbələri, rayon dindarları və ziyalılar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev çıxış edərək, “Şəhadət” filminin əhəmiyyətindən danışıb. Bildirib ki, sənədli film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara çatdırılır.
Sonra “Şəhadət” sənədli filminə baxış olub. Ekran əsərinin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri komitənin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.