REGİONLAR
Ağdamda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib VİDEO
Ağdam, 11 aprel, AZƏRTAC
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin və Ağdam könüllülərinin iştirakı ilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir müstəqil Azərbaycan Respublikasının banisi, uzaqgörən siyasəti ilə xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində silinməz iz qoymuş, dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna xidmətləri olmuş böyük şəxsiyyət, müdrik dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə keçirilib.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə də Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olan təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi məqsədilə keçirilən tədbirdə yüzlərlə ağac əkilib.
Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də təmsil olunan qurumların nümayəndələri iştirak ediblər.