REGİONLAR
Ağdamda Vətən müharibəsi əlili Vidadi Əliyevlə görüş olub
Ağdam, 10 avqust, AZƏRTAC
Müzəffər Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində Ağdam rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər.
AZƏRTAC xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçən, ağır yaralanaraq sağlamlığını itirən qəhrəmanlarımızdan biri də Ağdam rayonunun Papravənd kəndindən olan qazi, I qrup müharibə əlili Vidadi Əliyevdir. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olan Vidadi Əliyev Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib, Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır. I qrup müharibə əlili Vidadi Əliyev də dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşdə qazimiz Prezident İlham Əliyev tərəfindən ona yaşayış evi və minik avtomobili verilməsi ilə əlaqədar razılığını bildirib, şəhid ailələrinin və qazilərin daim dövlətimizin başçısının diqqət mərkəzində saxlanılmasından məmnunluğunu ifadə edib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vidadi Əliyevin səhhəti və qayğıları ilə maraqlanıb. Vaqif Həsənov dövlət başçısı İlham Əliyev tərəfindən Vidadi Əliyevə təqdim olunmuş evin əşyalarının alınması üçün qaziyə birdəfəlik maddi köməklik göstərib.
Vidadi Əliyev şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.