REGİONLAR


Ağdamda bu günədək 2200 arı pətəyi identikləşdirilib VİDEO

Ağdam, 28 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən Ağdamda arı ailələrinin (pətəklərin) identikləşdirilməsi davam edir.

Ağdam Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Şahlar Orucov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan rayon komissiyası məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır. Arı ailəsinin identikləşdirilməsi həyata keçirilir. Pətəklərin yoxlanılması və mövcudluğu haqqında rayon komissiyası tərəfindən icmal siyahı, akt və müvafiq sənədlər tərtib edilərək respublika komissiyasına göndərilir. Komissiyanın iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilir.

Bu günədək Ağdam rayonu üzrə 118 arıçının saxladığı 2200 pətək identikləşdirilib. 23 arıçı saxladığı 500 arı pətəyinin hər birinə görə 10 manat məbləğində subsidiya alıb.

Rayonun Əhmədağalı kənd sakini Pensir Məmmədov 15 ildir ki, arıçılıqla məşğuldur. Hazırda onun təsərrüfatında 80 arı ailəsi var. Arıları yaz-yay aylarında dağlarda, payız-qış mövsümündə isə aranda saxlayan ağdamlı arıçı pətəklərdən bu il 550 kiloqram bal götürüb. Pensir Məmmədov arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər pətəyə görə subsidiya ayrılmasının bu sahənin inkişafına təkan verəcəyini bildirib. "Subsidiyanın verilməsi hər bir arıçını təsərrüfatını genişləndirməyə sövq edəcək. Bu barədə məlumat aldıqdan sonra mən də subsidiya üçün müraciət etdim. Hazırda Ağdam Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi və müvafiq komissiya üzvləri təsərrüfatımızdakı arı ailələrinin sayının dəqiqləşdirilməsini həyata keçirir, pətəklərə plastik lövhə bərkidilir. Tezliklə vəsait hesabımıza köçürüləcək. Arıçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanaraq, təsərrüfatımızı daha da genişləndirməyə və arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağa çalışacağıq”, – deyə arıçı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.