REGİONLAR
Ağdamda el ağsaqqalı Sədrəddin Ələsgərovun 88 illiyi qeyd olunub
Ağdam, 3 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, rayon Ağsaqqallar Şurasının sədri Sədrəddin Ələsgərovun anadan olmasının 88 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Sədrəddin Ələsgərovun həyat və fəaliyyətindən danışıb, xoş arzularını çatdırıblar. Bildirilib ki, Ələsgərov Sədrəddin Fərrux oğlu 1929-cu ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1945-ci ildən kolxozda işləməyə başlayan S.Ələsgərova heyvandarlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib və Lenin Ordeni ilə təltif olunub. Halal zəhməti, əməksevərliyi ilə tanınan Sədrəddin Ələsgərov 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri, 1981-ci ildən isə sədr müavini işləyib.
Ümummilli lider Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülən Sədrəddin Ələsgərov hazırda Ağdam Rayon Ağsaqqallar Şurasının sədridir.
Çıxış edənlər Sədrəddin Ələsgərovun bu gün də rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayıb, onu dövlətçiliyə, ulu öndər Heydər Əliyev siyasi xəttinə, elinə-obasına bağlı ağsaqqal, gözəl ailə başçısı kimi xarakterizə ediblər.
Sədrəddin Ələsgərov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Mərasimdə məktəblilərin ifasında el ağsaqqalına həsr edilmiş şeirlər səsləndirilib, “Şur” xalq çalğı alətləri ansamblının ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.